AZƏRBAYCAN-AMERİKA ƏLAQƏLƏRİNDƏ YENİ MƏRHƏLƏ BAŞLANMIŞDIR
Birləşmiş Ştatların Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi, səfir Uilyam Teylor fevralın 7-də Amerika-Azərbaycan Ticarət palatasının iclasında “2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın Qafqaz bölgəsinə yardımı” mövzusunda çıxış etmişdir.
Azərbaycana, Ermənistana və Özbəkistana səfərdən yenicə qayıdan diplomat bölgədə hazırkı durum və xüsusilə ölkəmizdə apardığı danışıqlar haqqında məlumat verdi. 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasında Azərbaycanın iştirakını yüksək qiymətləndirən səfir Teylor “Azadlığa dəstək aktına” 907-ci düzəlişin dayandırılmasını günün reallığı kimi dəyərləndirdi.
Azərbaycan-Amerika əlaqələrinin yeni mərhələsinin başlandığını vurğulayan səfir dedi ki, tərəflər yaranmış yeni imkanlardan bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün istifadə edəcəklər.
Azərbaycan-Amerika iqtisadi əməkdaşlığı üzrə ikitərəfli işçi qrupunun son görüşündə müzakirə olunan məsələlərdən danışan qrupun həmsədri Uilyam Teylor Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etməsindən məmnuniyyətlə söhbət açdı. Azərbaycanda xarici və yerli sərmayədarlar üçün lazımi şərait yaradıldığını, ölkəmizin Dünya Ticarət Təşkilatına üzv olduğunu bildirən səfir Teylor yeni yaradılmış Neft Fondunun səmərəli işlədilməsinin də Azərbaycanın gələcəyində mühüm rol oynayacağını söylədi.
Birləşmiş Ştatların xarici dövlətlərə yardımı haqqında danışan Avropa və Avrasiya üzrə əlaqələndiricisi vurğuladı ki, keçmiş Sovet ölkələrinə yardımın ümumi məbləği azalsa da Azərbaycana ayrılan məbləğ ötən illə müqayisədə artıb.
Sonda səfir Teylor tədbir iştirakçılarının suallarına cavab verdi.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton