Azərbaycan Atletika Federasiyası ilin ən yaxşı idmançılarını mükafatlandırıb
Bakı, 25 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Dekabrın 25-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Atletika Federasiyasının (AAF) 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən MOK-un vitse-prezidenti, AAF-ın prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafında göstərilən dövlət qayğısından, atletlərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən danışıb.
Bildirib ki, atletika yarışları “Bakı-2015” ilk Avropa Oyunlarından sonra yeni mərhələyə qədəm qoyub. İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə ölkəmiz təkcə regionun deyil, dünyanın diqqət mərkəzinə çevrilib. Gələn il Azərbaycanda “Formula-1” üzrə Avropa Qran-pri yarışları, Dünya Şahmat Olimpiadası təşkil olunacaq. Beynəlxalq idman qurumları ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq irimiqyaslı yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən ölkəmizə verirlər.
Bu ilin bir sıra idmançılarımızın rekordları ilə yadda qaldığını vurğulayan Çingiz Hüseynzadə deyib: “Yola saldığımız il atletika idmanı üçün də uğurlu olub. Ümidvaram, gələn il Braziliyada təşkil olunacaq Olimpiya Oyunlarında atletlərimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alacaqlar”.
AAF-ın vitse-prezidenti Tofiq Qarayev və baş katib Firat Hüseynov ölkəmizdə atletika üzrə əldə olunan uğurlar barədə məlumat veriblər. Çıxışlarda idmançılarımızın “Rio-2016”ya ciddi hazırlaşdıqları vurğulanıb və Olimpiya Oyunlarına lisenziyaların sayının artacağına əminlik ifadə edilib.
Sonra bir qrup mütəxəssisə fəxri adlar təqdim olunub, ilin ən yaxşı idmançıları mükafatlandırılıb.
İlin yekunlarına görə Avropa çempionu Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan ən yaxşı idmançı, Ziyad Xalfayev isə ən yaxşı məşqçi seçilib. İlin ən yaxşı gənc idmançısı adına Yelena Prextriyeva layiq görülüb. Ən yaxşı gənc məşqçi nominasiyasının qalibi isə Elvin Əliyev olub. Kamal Əhmədov isə ilin hakimi seçilib. Həmçinin digər nominasiyalar üzrə də mükafatlar təqdim edilib.