Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzidir ŞƏRH
Bakı, 25 oktyabr, AZƏRTAC
Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “Outreach” formatında görüşə dəvət etmişdi. Azərbaycan Prezidenti bu dəvəti qəbul edərək oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitində iştirak edib. Qərbmərkəzli qlobal dünya nizamına alternativ bir qrup olaraq təqdim edilən BRICS dünya əhalisinin 40 faizini (3.6 milyard), planetin 40 milyon kvadrat kilometrini, qlobal iqtisadiyyatın isə 30 faizini əhatə etməkdədir. Təşkilata üzv dövlətlər mineral-xammal baxımından olduqca zəngin, güclü emal sənayesi sahələrinə, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsinə və sürətli sosial-iqtisadi inkişaf tempinə malik, emal sənayesi yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edə bilən inkişaf etməkdə olan sənaye ölkələridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Azərbaycan hökumətinin avqustun 20-də BRICS təşkilatına üzv olmaq üçün rəsmi qaydada müraciət ünvanladığını xatırladan Ə.Ağazadə Azərbaycanın BRICS-ə üzv olmaq istəyinin əsasında məhz iqtisadi səbəblərin durduğunu bildirib.
“İlkin iqtisadi səbəb olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün yeni investisiya kanallarının yaradılması, BRICS üzvləri ilə beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu istiqamətində çoxtərəfli əməkdaşlıqların gücləndirilməsidir. Belə ki, Rusiyanın, Hindistanın və İranın marağında olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və eyni zamanda, Çin və Avropanın marağında olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər.
Digər iqtisadi səbəb koalisiyaya üzv dövlətlər arasında gələcəkdə tətbiqi gündəmdə olan güzəştli gömrük tarif sisteminə qoşulmaq və ya azad ticarət sazişləri və investisiyaların təşviqinə dair müqavilələr imzalamaq kimi fürsətlərin əldə edilməsidir. Bu da BRICS daxili ölkələr arasındakı ticari bariyerlərin aradan qaldırılması, dolayısı ilə Azərbaycan üçün genişmiqyaslı bazarlara əlverişli çıxışın təmin edilməsi deməkdir”, - deyə Ə.Ağazadə əlavə edib
Deputat qeyd edib ki, Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək. Siyasi nöqteyi-nəzərdən, BRICS üzvlərinin BMT Təhlükəsizlik Şurası (Rusiya və Çin), G20 (Braziliya, Çin, Hindistan və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatı (Rusiya, Çin və Hindistan) kimi təsir dairəsi daha böyük siyasi ittifaqların da tərkibində olduğunu nəzərə alsaq, Azərbaycan BRICS-ə qoşulmaqla bərabər daha genişmiqyaslı platformalar vasitəsilə də beynəlxalq siyasi dəstək əldə edəcək.