Azərbaycan-Avropa İttifaqı dialoqu münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək RƏY
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan-Avropa İttifaqı münasibətləri hər iki tərəfin maraqlarına uyğun olan və daim diqqət mərkəzində saxlanılan mühüm istiqamətlərdən biridir. Bu çərçivədə vaxtaşırı olaraq Azərbaycan və Avropa İttifaqı rəhbərlərinin qarşılıqlı səfərləri həyata keçirilir, yüksəksəviyyəli görüşlər təşkil olunur. Görüşlər zamanı tərəflər siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini geniş şəkildə müzakirə edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Aydın Mirzəzadə deyib.
O bildirib ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu Avropanın ümumi siyasi xətti ilə uzlaşır və bu, milli maraqların təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası öz suverenliyinin və dövlət müstəqilliyinin qorunması məqsədilə beynəlxalq münasibətlər sistemində bütün mövcud imkanlardan səmərəli şəkildə istifadə edir.
“Avropa İttifaqının yeni rəhbəri Antonio Koştanın Azərbaycana səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu, onun ölkəmizə ilk səfəridir. Səfər çərçivəsində ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, tərəfləri maraqlandıran aktual regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Antonio Koştanın Azərbaycanın Naxçıvan şəhərinə raket atılması ilə bağlı məsələyə kəskin münasibət bildirməsi Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. O, eyni zamanda, Azərbaycan Prezidentini Avropa İttifaqına səfərə dəvət edib. Gözlənilir ki, qarşılıqlı səfərlər və davamlı dialoq münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək, tərəflər milli maraqların ortaq məqamlarını genişləndirmək istiqamətində səylərini davam etdirəcəklər. Bu əməkdaşlıq, həmçinin Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasına xidmət edəcək”, - deyə A.Mirzəzadə əlavə edib.