Azərbaycan–Avropa İttifaqı münasibətləri strateji əhəmiyyət daşıyır - ŞƏRH
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və xüsusilə enerji, ticarət və nəqliyyat sahələrində daha da dərinləşib. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilməsi bu əlaqələrin iqtisadi baxımdan nə qədər əhəmiyyətli olduğunu göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.
O bildirib ki, təkcə bu ilin yanvar ayında ümumi ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqı ilə bağlı olması tərəflər arasında iqtisadi inteqrasiyanın yüksək səviyyədə olduğunu sübut edir. 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi isə Azərbaycanın Avropa üçün alternativ və etibarlı enerji mənbələrindən biri kimi rolunu daha da gücləndirib. Hazırda Avropa İttifaqının bir sıra üzv dövlətlərinin Azərbaycan qazını qəbul etməsi Cənub Qaz Dəhlizinin və ümumilikdə Azərbaycanın enerji diplomatiyasının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər.
"Avropa İttifaqı ilə əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır, eyni zamanda, nəqliyyat və logistika sahəsində də yeni imkanlar yaradır. Azərbaycan Orta Dəhliz layihəsində əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir və Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində regionda infrastruktur layihələrinə maraq göstərməsi də bu əməkdaşlığın geniş perspektivə malik olduğunu göstərir. Xüsusilə Naxçıvan Muxtar Respublikasında dəmir yolunun modernləşdirilməsi və TRIPP layihəsi üzrə davam edən təşəbbüslər Azərbaycanın regiondakı tranzit potensialını daha da artırmağa yönəlib",- deyə Z. Qarayeva bildirib.
Politoloq əlavə edib ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri təkcə iqtisadi deyil, həm də regional sabitlik baxımından strateji əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq regionun uzunmüddətli inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə rəqəmsallaşma, innovasiya və yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycan iqtisadiyyatının modernləşməsində mühüm rol oynaya bilər. Bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan tərəfdaşlıq yalnız iki tərəfli münasibətləri deyil, bütövlükdə Cənubi Qafqaz və ətraf regionların iqtisadi və siyasi sabitliyini də gücləndirən mühüm faktor kimi çıxış edir.