Azərbaycan Avropa Şurasının “Help” proqramının təşviqi üzrə 47 ölkə arasında onuncu yerdədir
Bakı, 27 iyun, AZƏRTAC
Strasburqda Avropa Şurası (AŞ) tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP) 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib. Tədbirdə ölkəmizi Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və HELP platformasının hakimlər üzrə əlaqələndiricisi Zülfiqar Babayev təmsil ediblər.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, “Keyfiyyətli qərarlar üçün keyfiyyətli tədris” mövzusunda keçirilən konfransa Avropa Şurasına üzv ölkələrin ədliyyə akademiyaları və vəkillər kollegiyalarının nümayəndələri və HELP proqramının ölkələr üzrə təmsilçiləri qatılıblar.
Tədbirin açılışında Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoni və Parlament Assambleyasının sədri Mikele Nikoletti çıxış edərək HELP proqramının AŞ arealında fəaliyyət göstərən hüquqşünasların peşə vərdişlərinin daha da inkişaf etdirilməsindəki əhəmiyyətini vurğulayıb, Şuranın konvensiyalarının öyrənilməsinin zəruriliyini diqqətə çatdırıblar.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədr müavini Linos-Aleksandr Sicilianos bildirib ki, son dövrlər Avropa Məhkəməsi öz fəaliyyətində yeni dövrün çağırışları ilə qarşı-qarşıya gəlib. Belə ki, İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının yeni -16-cı Protokoluna əsasən, artıq Avropa Məhkəməsi Konvensiyanın insan hüquqlarına dair maddələrinin düzgün təfsiri üzrə üzv ölkələrin ali instansiya məhkəmələrinin sorğularına rəylər verə bilir. Bu mənada, Konvensiyanın yerli səviyyədə tətbiqində HELP proqramı üzrə keçirilən tədris tədbirlərinin əhəmiyyəti bir daha vurğulanıb.
Konfransda qeyd olunub ki, HELP proqramında distant kursların keyfiyyət və kəmiyyəti yenilənib. Belə ki, proqrama “Qaçqın və miqrant uşaqların hüquqları”, “Biotəbabətdə əsas insan hüquqları”, “Yuvenal ədliyyə”, “İnsan alveri ilə mübarizə”, “Cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq”, “Əlillərin hüquqları” və s. aktual mövzular üzrə tədris kursları əlavə olunub.
Tədbirdə, həmçinin HELP proqramının məşvərətçi şurasına yeni üzvlər seçilib.
Sonda AŞ-nin İnsan Hüquqları Baş Direktorluğunun insan haqları siyasəti və əməkdaşlıq departamentinin rəhbəri Mixail Lobov yerli tədris müəssisələrinın HELP proqramını öz dərs cədvəllərinə əlavə etmələri istiqamətində tövsiyələrini bildirib.
Hər il olduğu kimi bu il də konfransda ötən il AŞ-nin 47 üzv ölkəsində HELP-in təşviqinə dair reytinq cədvəli formalaşdırılıb. Son illərədək Azərbaycanın 47 ölkə arasında sonuncu yerlərdən birini tutmasına baxmayaraq, ölkəmiz siyahıda irəliləyərək 2016-cı ilin yekunu üzrə 13-cü, 2017-cü ilin yekunu üzrə isə 10-cu yerə çıxıb.
Azərbaycan bu cədvəl üzrə Cənubi Qafqaz ölkələri arasında ilk sıradadır.