Azərbaycan-Banqladeş əlaqələri müzakirə olunub

Bakı, 24 iyun, AZƏRTAC
Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Banqladeş Xalq Respublikasının Xarici İşlər naziri A.K.Abdul Momen arasında telefon danışığı olub.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Söhbət zamanı hazırkı qlobal vəziyyətə toxunan nazirlər COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə məlumat mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin və qarşılıqlı yardımın vacib olduğunu qeyd ediblər.
Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələri üzrə fikir mübadiləsi apararaq, Azərbaycan və Banqladeş arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər. Eyni zamanda, ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə edən tərəflər gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasının əhəmiyyətini bildiriblər.
Tərəflər habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxunublar və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinə razılıq ifadə ediblər.