Azərbaycan bir çox ölkələr üçün uğurlu inkişaf formulu kimi təqdim edilir
Bakı, 24 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir. Azərbaycanda milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir. Bu prinsiplər hər bir vətəndaşın yüksək sosial rifahının təmin edilməsi kimi ümdə məsələləri əhatə edir.
Bu fikirləri Malayziyanın Kuala Lumpur şəhərində “Birləşmiş dünya: milli quruculuq çağırışları” mövzusunda keçirilən beynəlxalq forumda “Xalqın artan səs potensialının reallaşması” mövzusunda çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva səsləndirib.
S.Fətəliyeva son 10 ildə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, QHT-lərə dövlət dəstəyindən, KİV-lərə yaradılan şəraitdən, İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramından, dövlətin gənclər və gender siyasətindən söhbət açıb.
Bildirilib ki, Azərbaycan son 10 il ərzində uğurlu iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. İqtisadi uğurlarla yanaşı, ölkəmiz həm də vətəndaş cəmiyyətinin qurulması və inkişafı istiqamətində bir çox nailiyyətlər əldə edib. Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının formalaşmasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi müstəqil Azərbaycan dövlətinin siyasi kursunun əsasını təşkil edir.
Qeyd edilib ki, demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri olan söz və vicdan azadlığının təmini istiqamətdə də ölkəmizdə xeyli işlər görülüb.
Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə demokratik institutların inkişafı, vətəndaşların ictimai-siyasi fəaliyyətə qoşulmalarına şərait yaradılıb. Bu, özünü siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təsis edilməsində, kütləvi toplantıların keçirilməsində, hüquq və azadlıqların məhkəmə təminatında və s. məsələlərdə büruzə verib. Bununla yanaşı, həyata keçirilən sosial siyasət, əhalinin rifahının yüksəldilməsinə, sosial müdafiəsinə xidmət ölkəmizdə dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil edir.
Diqqətə çatdırılıb ki, bu gün müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də dövlət müstəqilliyinin və beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.