AZƏRBAYCAN BOKS FEDERASİYASININ YENİ PREZİDENTİ SEÇİLMİŞDİR
Bakı, 23 yanvar (AZƏRTAC). Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransında fövqəladə hallar naziri Kəmaləddin Heydərov qurumun prezidenti vəzifəsinə seçilmişdir. İndiyədək federasiyaya başçılıq etmiş Ağacan Əbiyev isə qurumun birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
Milli Olimpiya Komitəsində təşkil olunan konfransda gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, idmançılar, veteranlar iştirak edirdilər.
Tədbirdə çıxış edən Ağacan Əbiyev Azərbaycan boksunun son 4 ildə keçdiyi yola nəzər yetirərək, bu dövr ərzində bir sıra uğurların qazanıldığını söyləmişdir. Azərbaycan idmançıları hər zaman dünya və Avropa boks elitasında aparıcı mövqelərdə olmuşlar. Lakin son illər Azərbaycan boksunda geriləmə müşahidə olunduğunu söyləyən A.Əbiyev Pekin Olimpiadasına boksçuların cəmi 2 lisenziya qazandığını xatırlatmışdır. Bu bizim hamımızı narahat edir. A.Əbiyev bu gün boks ənənələrini davam etdirən layiqli yeniyetmələrin yetişdiyini söyləyərək Olimpiadadan sonra Azərbaycan boksçularının 3 beynəlxalq yarışda iştirak etdiyini və bu turnirlərdə əsasən gənclərə üstünlük verildiyini söyləmişdir.
Gənclər və idman naziri Azad Rəhimov isə Azərbaycan boks məktəbinin zəngin ənənələrini vurğulayaraq, boksçularımızın son 20 ildən artıq müddətdə qazandığı uğurları Ağacan Əbiyevin adı ilə bağlamışdır. ABF-nin yeni prezidentlə böyük nailiyyətlər qazanacağına əmin olduğunu bildirən nazir demişdir ki, K.Heydərov artıq uzun müddətdir ki, Azərbaycan Taekvondo Federasiyasına da başçılıq edir. Ölkəmizdə taekvondonun inkişafı üçün çox işlər görülmüşdür. Taekvondo bu gün respublikamızda ən kütləvi idman növlərindən biridir.
Kəmaləddin Heydərov isə çıxışında Azərbaycan boksunun şərəfli yol keçdiyini, ölkəmizin layiqli idmançılar yetişdirdiyini diqqətə çatdırmışdır. Azərbaycan boksunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyən K.Heydərov bu işdə A.Əbiyevin təcrübəsindən yararlanacaqlarını söyləmişdir.
Konfransdan sonra ABF-nin yeni seçilmiş 18 nəfərdən ibarət İcraiyyə Komitəsinin ilk iclası keçirilmişdir.
######
![]() |
![]() |

