AZƏRBAYCAN BÖLGƏDƏ VƏ DÜNYADA MÖVQELƏRİNİ XEYLİ GÜCLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, ötən il Azərbaycanda xarici siyasət, iqtisadi islahatlar uğurla aparılmış, sosial məsələlərin həlli işində, ordu quruculuğu, cəmiyyətimizin demokratikləşməsi istiqamətində çox önəmli addımlar atılmış və nailiyyətlər əldə edilmişdir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirmişdir.
Prezident demişdir ki, Azərbaycan regional əməkdaşlıqda da çox fəal iştirak etmiş, bölgədə və dünyada öz mövqelərini xeyli gücləndirmiş, beynəlxalq təşkilatlarla işlərini səmərəli qurmuşdur. Qonşu ölkələrlə əməkdaşlığın Azərbaycan üçün çox faydalı olduğunu vurğulayan dövlətimizin başçısı, 2006-cı ildə bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.