AZƏRBAYCAN DEMOKRATİYANIN VƏ MƏTBUAT AZADLIĞININ SƏVİYYƏSİNƏ GÖRƏ REGİON DÖVLƏTLƏRİNDƏN XEYLİ İRƏLİDƏDİR
AZƏRTAC xəbər verir ki, aprelin 7-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycana səfərinin əsas məqsədinin ATƏT tərəfindən hazırlanmış “Mətbuatın özünütənzim sorğu kitabı” adlı yeni nəşrini təqdim etməkdən ibarət olduğunu bildirən M.Haraşti demişdir ki, bu təqdimatın missiyası məsuliyyətli və etik jurnalistikanın əhəmiyyətini müzakirə etmək üçün jurnalistləri bir araya gətirmək və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi zərurəti ilə bağlı maarifləndirmə işini aparmaqdır.
Azərbaycan Prezidentinin həbsdə olan bir neçə jurnalistin əfv edilməsi ilə bağlı Fərmanını yüksək qiymətləndirən qonaq, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulamışdır. Mətbuat azadlığının demokratiyanın əsas keyfiyyət göstəricilərindən olduğunu qeyd edən ATƏT təmsilçisi Azərbaycanda KİV azadlığı, mətbuatda plüralizm sahəsində təkmilləşmə işlərinin aparılmasının məqsədəmüvafiq olduğunu bildirmişdir.
Nazir E.Məmmədyarov Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, ölkəmizin demokratiyanın və mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidə olduğunu vurğulamışdır.
E.Məmmədyarov Azərbaycanın inkişafının mühüm istiqamətlərindən biri kimi demokratik islahatların davam etdiriləcəyini bildirmiş və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.