Azərbaycan diasporu Rumıniyanın Milli Liberal Partiyasının Gənclər Təşkilatı ilə əlaqələri genişləndirir
Buxarest, 23 may (AZƏRTAC). Mayın 22-də Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının (ACTAR) üzvləri Rumıniyanın hazırkı hökumət koalisiyasına daxil olan Milli Liberal Partiyasının Gənclər Təşkilatının (PNL) nümayəndələri ilə görüşmüşlər.
Görüşün məqsədi təşkilatlararası əlaqələrin gücləndirilmək və birgə layihələri müzakirə etmək olmuşdur.
ACTAR-ın sədri İqbal Hacıyev assosiasiyanın Rumıniyadakı 11 illik fəaliyyətindən, əməkdaşlıq etdiyi təşkilatlardan və PNL ilə birgə perspektiv layihələrdən danışmışdır.
İ.Hacıyev Azərbaycan ilə Rumıniya arasında inkişaf edən əlaqələrin mahiyyətində məhz xalqlarımızın dostluğunun olduğunu vurğulayaraq rumınlara da ACTAR-ın sıralarına qoşulmaq təklif etmişdir.
PNL Gənclər Təşkilatının sədri Florin-Aleksandru Alekse ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən gənclər və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdiyini vurğulamışdır. Azərbaycanın Cənubi Qafqazda ən inkişaf etmiş dövlət olduğunu bildirən sədr PNL Gənclər Təşkilatının üzvlərinin Rumıniyanın siyasi və mədəni həyatında fəal iştirak etdiyini demişdir. Sədr təşkilatın bir çox üzvlərinin Rumıniyanın müxtəlif dövlət strukturlarında təmsil olunduğunu vurğulamışdır.
F.Alekse ACTAR-ın Rumıniyanın ictimai həyatında, xüsusilə Azərbaycan həqiqətlərinin təbliğ olunmasında fəallığından məlumatlı olduğunu bildirmiş, PNL Gənclər Təşkilatının assosiasiya ilə gələcəkdə birgə layihələri reallaşdırmaqdan məmnunluğunu ifadə etmişdir.
Qeyd olunmuşdur ki, yaxın müddətdə tərəflər arasında əməkdaşlıq protokolu imzalanacaqdır. Bu sənəd rumın və Azərbaycan gəncləri arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Sonda PNL Gənclər Təşkilatına Azərbaycanın mədəniyyəti, tarixi haqqında materiallar, o cümlədən Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən CD-lər təqdim edilmişdir.