Azərbaycan Dillər Universiteti Rusiyanın ali məktəbləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəblə Moskva Şəhər Ali Təhsil İdarəsi Dövlət Özəl Təhsil Müəssisəsinin Samara filialı arasında, həmçinin ADU-nun rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası ilə Samara filialının Təhsilin İnkişafı Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Sənədləri ADU-nun rektoru, akademik Kamal Abdulla və Samara filialının direktoru Qalina Kozlovskaya, rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının direktoru Məmməd Əliyev və Təhsilin İnkişafı Mərkəzi direktorunun birinci müavini Elçin Həşimov imzalayıblar.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, müqavilələr tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişafı, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.
Müqavilələrdə elmi təcrübə və araşdırma, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşdürülməsi, elmi-tədqiqat proqramları və layihələrin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodik vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulub.
Müqavilələrin imzalanması mərasimində çıxış edən akademik K.Abdulla ADU-da Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan görüşlərin keçirildiyini söyləyib. Tərəflər arasında imzalanmış müqavilələri yüksək dəyərləndirən rektor gələcəkdə bir çox birgə layihələrin həyata keçiriləcəyinə, tələbə mübadiləsinin reallaşacağına ümidvar olduğunu deyib.
Rusiyalı qonaqlar bu əməkdaşlığın qurulmasından məmnunluqlarını ifadə edib, birgə fəaliyyətin faydalı olacağına əminliklərini bildiriblər.
Qeyd edək ki, bundan əvvəl ADU ilə Rusiyanın birinci prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Növbəti müqavilənin Rusiyanın A.Puşkin adına Dövlət Rus dili İnstitutu ilə imzalanması nəzərdə tutulur.