Azərbaycan Diplomatik Akademiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Qahirə, 20 yanvar (AZƏRTAC). Azərbaycan Diplomatik Akademiyasında (ADA) 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır.
ADA-nın Kommunikasiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Akademiyanın konfrans zalında keçirilən tədbirdə bakalavr pilləsində təhsil alan tələbələrin 20 Yanvar ilə bağlı hazırladıqları təqdimat dinlənilmişdir. Əksəriyyəti bu qanlı faciədən sonra dünyaya gəlmiş gənclər Azərbaycanda artan milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet ordusunun Bakıya yeridilməsi və keçirilən “Zərbə” əməliyyatı barədə ətraflı məlumat vermişlər. Tələbələr 20 Yanvar hadisələrinin xalqımızın tarixində qanlı faciə olmaqla yanaşı, müstəqilliyimizin bərpasına yol açan şanlı səhifəyə çevrildiyini bildirmişlər.
Daha sonra 20 Yanvar faciəsinin dünya mediası tərəfindən işıqlandırılmasından söhbət açılmış və Qara Yanvar hadisələrinin ildönümü ilə bağlı CNN kanalının hazırladığı film nümayiş etdirilmişdir.
Anım tədbirində Böyük Britaniyada yaşayan həmyerlimiz, mədəni diplomatiya üzrə elmlər doktoru, skripkaçı Sabina Rakçeyeva çıxış etmişdir. O, 1990-cı ilin 20 yanvar hadisələri barədə xatirələrini danışmış, “Bayatı-Şiraz” və milli musiqimizin digər parçalarını ifa etmişdir.
Tədbir ADA-nın müəllim-tələbə heyətinin Şəhidlər xiyabanına ziyarəti ilə yekunlaşmışdır. Ziyarətçilər arasında ADA-da dərs deyən və təhsil alan xarici vətəndaşlar da olmuşlar.