Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub VİDEO
Gəncə, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
ADAU-nun rektoru Zəfər Qurbanov professor-müəllim və tələbə kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rektor bildirib ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsi, onların elmi və peşəkar inkişafı üçün geniş imkanlar yaradılır.
Zəfər Qurbanov Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ilkin və ikinci tur ixtisas seçimlərinin nəticələrinə əsasən, universitet üzrə 2082 plan yerinin tam dolduğunu diqqətə çatdırıb. Rektor tələbələri yaradılan imkanlardan səmərəli istifadə etməyə, elmə və təhsilə məsuliyyətlə yanaşmağa çağıraraq, yeni tədris ilinin hər bir tələbə üçün uğurlu və məhsuldar olmasını arzulayıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bilik Günü münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib. Nazir Prezident İlham Əliyevin aqrar sektora göstərdiyi diqqət və qayğını qeyd edərək, kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təmin olunması, regionların inkişafı və məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıdığını bildirib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda insan kapitalının inkişafı, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması, elmi tədqiqat və innovasiyaların gücləndirilməsi istiqamətində mühüm vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Nazir müasir aqrar sektorun texnologiya, süni intellekt, rəqəmsal idarəetmə, biotexnologiya və innovasiyalarla sıx bağlı olduğunu vurğulayıb. Gənclərin bu sahədə mühüm rol oynadığını qeyd edən M.Məmmədov tələbələri bilik və bacarıqlarını inkişaf etdirməyə, yeni ideyalar irəli sürməyə, dünya təcrübəsini öyrənərək Azərbaycanın aqrar inkişafına töhfə verməyə çağırıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev təhsilin və gənclərin inkişafının əhəmiyyətini vurğulayıb. Tələbələri Bilik Günü münasibətilə təbrik edərək, onlara yeni tədris ilində uğurlar arzulayıb.
Milli Məclisinin deputatı Pərvin Kərimzadə gənclərin ölkənin inkişafında mühüm rol oynadığını qeyd edib. O, tələbələrə bilik və bacarıqlarını inkişaf etdirməyi, ictimai fəallıq göstərməyi tövsiyə edib.
Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov gənclərin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb. Tələbələrə təhsil həyatında uğurlar və qarşıya qoyduqları məqsədlərə nail olmalarını arzulayıb.
ADAU tələbəsi adını qazanan şəhid anası Maya Quliyeva və 573,8 balla universitet üzrə ən yüksək nəticə göstərərək “Kompüter mühəndisliyi” ixtisasına qəbul olan Nurlan Məmmədov çıxış ediblər. Onlar tələbə adını qazanmağın sevincini bölüşərək, yeni tədris ilində qarşıya qoyduqları məqsədlərdən danışıblar.
Tədbirin sonunda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Sonra nazir Məcnun Məmmədov ADAU tələbəsi adını qazanan şəhid anası Maya Quliyeva ilə görüşüb.
Daha sonra Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) ADAU ilə tərəfdaşlığı çərçivəsində universitetin tərkibində yaradılmış Azərbaycan İnnovasiya Mərkəzinin, eləcə də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yenidən qurularaq müasir texniki avadanlıqlarla təchiz edilmiş ADAU TV-nin studiyasının fəaliyyəti ilə tanış olub, ADAU TV-yə müsahibə verib.
Müxbir – Elcan Məmmədov