Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk dərs günü
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) əyani tədrisə start verilib.
ADBTİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əyani formada dərslərdə iştirak edəcək tələbə və müəllimlərin sağlamlığının qorunması, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə riayət olunması üçün bütün zəruri tədbirlər görülüb.
Tədris binalarında profilaktik və preventiv tədbirlər gücləndirilib, sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət olunur. Universitetə daxil olan hər bir əməkdaş və tələbənin COVID-19 pasportu yoxlandıqdan sonra quraşdırılmış cihazlar vasitəsilə hərarəti yoxlanılır, dezinfeksiya tunellərindən keçdikdən sonra tədris binalarına daxil olmalarına icazə verilir.
İlk dərs günündə birinci kurs tələbələri Akademiya ilə tanış olublar.
Xatırladaq ki, bu gündən etibarən, yeni 3 mərtəbəli tədris korpusu tələbələrin istifadəsinə verilib.