AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASI BİNASININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
MSTİSLAV ROSTROPOVİÇİN ÇIXIŞI
Xanımlar və cənablar!
Əziz dostlar!
Bu gün mən həyəcanlıyam, çünki Bakıya gəldiyim vaxtlarda bu salonda dəfələrlə çıxış etmişəm. Bu, Heydər Əliyeviçin respublikaya, Sovet İttifaqına rəhbərilk etdiyi illərdə olmuşdur. O vaxtlar mən buraya gəlir və bu salonda çıxış edirdim.
Sizə deməliyəm ki, əziz, sevimli dostum, Prezidentimiz Heydər Əliyeviç Əliyev bu salonun vaxtında təmir olunmasına çox qayğı göstərirdi. Onunla bu mövzuda çox danışmışdıq. Deməliyəm ki, dostumun itkisi mənim üçün çox ağırdır. İndi mən buraya gəlmişəm, violonçeli də özümlə gətirmişəm... İcazənizlə, əziz dostumla musiqi vasitəsilə vidalaşmaq istəyirəm. Ona görə də, icazənizlə, Baxın Sarabandasını ifa etmək istəyirəm. Sarabanda mənim üçün bir dua kimi səslənir. Özü də bu, hansısa dinə aid dua deyildir. Bu, bütün insanlar üçün duadır. Ona görə də, əziz dostlar, xahiş edirəm, mən Sarabandanı ifa edəndən sonra əl çalmayın.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra açılışa həsr edilmiş konsert oldu. Səhnədə ümummilli liderimiz, Azərbaycan mədəniyyəti və incəsənətinin böyük hamisi Heydər Əliyevin portreti asılmışdı.
Maestro Mstislav Rostropoviç əziz və sevimli dostu, Azərbaycan xalqının dahi oğlu Prezident Heydər Əliyevin nurlu xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq, violonçeldə İohann Sebastyan Baxın iki nömrəli süitasından Sarabandanı ifa etdi.
Daha sonra dünya şöhrətli musiqiçinin dirijorluğu ilə Firəngiz Əlizadənin filarmoniyanın açılışına həsr etdiyi “İthaf” əsəri ilk dəfə ifa olundu.
Konsertdə bədii rəhbər və baş dirijor, xalq artisti Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasının uvertürası, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” və “Yürüş”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” səsləndi. Böyük müvəffəqiyyətlə keçən konsert simfonik orkestrin müşayiəti ilə Dövlət Xor Kapellasının (bədii rəhbər əməkdar incəsənət xadimi Gülbacı İmanovadır) ifasında “Koroğlu” operasından əzəmətli “Çənlibel xoru” ilə başa çatdı.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, parlamentin deputatları, görkəmli mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər açılış mərasimində iştirak edirdilər.