AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASI BİNASININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
SKRİPKAÇİ, PREZİDENT TƏQAÜDÇÜSÜ CƏMİLƏ MUSAYEVANIN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Azərbaycan Dövlət Filarmoniyasının bu gözəl salonunda çıxış etmək imkanına görə çox şadam. Açılışını böyük səbirsizliklə gözlədiyimiz bu sənət ocağı bizim üçün çox böyük hədiyyədir. Biz yaxşı bilirik ki, bu müqəddəs səhnədə milli musiqi sənətimizin ən tanınmış və ən şöhrətli insanları çıxış etmişlər.
1998-ci ildə mən möhtərəm cənab Heydər Əliyevin təsis etdyi gənc istedadların Qızıl kitabına düşmüş və Prezident təqaüdünə layiq görülmüşəm. Bundan hədsiz qürur duyuram. Mənə göstərilən yüksək etimadı ötən illər ərzində doğrultmağa çalışmışam. Dünyanın müxtəlif yerlərində - Fransa Senatında, İngiltərənin, Rusiyanın və İtaliyanın səhnələrində çıxış edərkən, Qazaxıstanda keçirilən beynəlxalq müsabiqədə diplomant adını qazanarkən ürəyimdən təkcə bir arzu keçirdi ki, kaş mən də sənətimizin məbədi sayılan Filarmoniyanın səhnəsində çıxış edəydim. Artıq bu gün mənim arzum həqiqətə çevrilir.
Biz gənclər Azərbaycan incəsənətini inkişaf etdirmək üçün var qüvvəmizlə çalışacağıq və müxtəlif festivallarda, müsabiqələrdə öz uğurlarımızla ölkəmizin adını ucaldacağıq. Çalışacağıq ki, Ana yurdumuz və ulu xalqımız həmişə bizimlə fəxr etsin. Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Dünya şöhrətli musiqiçi, həmyerlimiz Mstislav Rostropoviç mərasimdə çıxış etdi.