AZƏRBAYCAN DÖVLƏTİ MOSKVADA FACİƏ NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKƏN VƏTƏNDAŞLARINA KÖMƏK GÖSTƏRİR
Fevralın 23-də Moskvanın Bauman küçəsindəki bazarda faciə baş vermiş və nəticədə 64 nəfər həlak olmuşdur. Onların 42-si həmvətənimizdir. Daha 13 həmvətənimiz isə xəstəxanalardadır və onlara lazımi tibbi yardım göstərilir.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinə, ölkəmizin Moskvadakı səfirliyinə, Fövqəladə Hallar Nazirliyinə, “Azərbaycan Hava Yolları” Dövlət Konserninə faciə ilə əlaqədar operativ tədbirlərin görülməsini tapşırmışdır.
Səfir P.Bülbüloğlu hava limanında Azərbaycan və Rusiya KİV-lərinin nümayəndələrinə bildirmişdir ki, bu dəhşətli faciə zamanı həlak olanlar və xəsarət alanlar arasında, təəssüf ki, Azərbaycan vətəndaşları daha çoxdur. Səfirliyin əməkdaşları həlak olanların, habelə xəstəxanalara qoyulanların tez bir vaxtda şəxsiyyətini dəqiqləşdirmək və ünvanlarını müəyyənləşdirmək üçün mümkün olan bütün işləri görmüşlər. Fevralın 25-də Bakıdan xüsusi təyyarə gələcəkdir. Sənədlər rəsmiləşdirilən kimi, bütün cənazələr həmin təyyarə ilə yola salınacaqdır. Prezident İlham Əliyev xüsusi tapşırıqlar vermişdir ki, bu faciənin qurbanı olan Azərbaycan vətəndaşlarının cənazələrinin Bakıya aparılması, onların dəfni ilə bağlı bütün məsələlər dövlətin hesabına həll olunacaqdır. Prezident İlham Əliyev faciə ilə əlaqədar cənab Putinə başsağlığı teleqramı göndərmişdir. Bu günlərdə Rusiya Prezidentinin Azərbaycana yüksək səviyyədə səfəri olmuş, çox maraqlı görüşlər keçirilmişdir. Təəssüf ki, indi belə faciə baş vermişdir.
Səfir həmçinin bildirmişdir ki, Azərbaycanın və Rusiyanın fövqəladə hallar nazirlikləri arasında, nazir Sergey Şoyqu ilə daim əlaqə saxlanılır. Dövlətimizin başçısının tapşırığına əsasən, zərər çəkmiş vətəndaşlarımıza yardım üçün bütün lazımi tədbirlər görüləcəkdir.
Səhiyyə naziri Oqtay Şirəliyev isə demişdir ki, Moskvaya səfəri zamanı həmvətənlərimizin yerləşdirildiyi bütün xəstəxanalara gedəcək və onlara lazımi yardım göstəriləcəkdir.