AZƏRBAYCAN FUTBOLUNUN FLAQMANI “NEFTÇİ” “BİRLİK KUBOKU”NUN SAHİBİ OLDU
Oyuna kəskin hücumlarla başlayan “Neftçi” artıq 9-cu dəqiqədə hesabı aça bilərdi, lakin qapıçının səhvindən sonra komandamızın kapitanı Nadir Nəbiyev başı ilə topu boş qapıdan keçirə bilmədi. Əvəzində isə, 17-ci dəqiqədə künc zərbəsindən sonra, Ruslan Abbasov topu öz qapımızdan keçirdi-0:1. 25-ci dəqiqədə litvalılar ikinci topu vura bilərdilər, amma, qapıçımız Vladimir Miçoviç əla reaksiya nümayiş etdirərək təhlükəni sovuşdurdu. Nəhayət, 32-ci dəqiqədə Vadim Boretsin gözəl ötürməsini cərimə meydançasında qəbul edən Nadir Nəbiyev hesabı bərabərləşdirdi- 1:1. Beş dəqiqəqən sonra isə Vadim Borets təxminən 25 metrdən dəqiq zərbə ilə komandamızı hesabda irəli çıxardı-2:1. Lakin “Neftçi” üstünlüyünü birinci hissənin sonuna qədər qoruyub saxlaya bilmədi və 41-ci dəqiqədə İrmantas Zelmikas baş zərbəsi ilə hesabı bərabərləşdirdi-2:2.
İkinci hissə başlayan kimi komandamız yenə də hesabda irəli çixdı- Nadir Nəbiyevin ötürməsini Branimir Subaşiç “Kaunas”ın qapısına yönəltdi- 3:2. 56-cı dəqiqədə isə “Neftçi”nin legioneri Svyatoslav Stefanov cərimə zərbəsi ilə hesab arasındakı fərqi ikiyə çatdırdı- 4:2. Bu qoldan sonra, oyun komandamızın tam üstünlüyü ilə keçmiş, lakin futbolçularımız bir neçə əlverişli imkandan istifadə edə bilməmişlər.
Oyunun baş hakimi, FİFA referisi Yuri Baskakovun final fiti “Neftçi”nin möhtəşəm qələbəsini reallaşdırdı-4:2. 2006-cı il “Birlik kuboku” bizimdir!