AZƏRBAYCAN GƏNCLƏR TƏŞKİLATLARININ II ÜMUMRESPUBLİKA SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Bakı İdman Sarayında Gənclər Təşkilatlarının II Ümumrespublika sərgisi açılmışdır. Burada elm, təhsil, regionlarla iş, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, vətənpərvərlik tərbiyəsi, ekologiya, iqtisadiyyat, qaçqın və məcburi köçkünlərin reabilitasiyası, onların cəmiyyətə adaptasiyası, mədəniyyətlərarası əməkdaşlıq sahələrini əhatə edən, bu istiqamətdə görülən işlər nümayiş etdirilir.
Sərginin məqsədi gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai proseslərə cəlb edilməsini stimullaşdırmaqdır.
Ötən il olduğu kimi, bu dəfə də 80-ə yaxın gənclər təşkilatı fəaliyyətləri ilə bağlı filmlər, bukletlər, kitablar və digər çap məhsulları, layihələr təqdim etmişdir.
Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.
Gənclər Təşkilatlarının II Ümumrespublika sərgisində Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etmişdir. Azərbaycan xalqının müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən danışan Əli Həsənov dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin iqtisadi qüdrətinin artmasında gənclərimizin rolunu yüksək dəyərləndirmişdir. Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasətinin bu gün də öz bəhrəsini verdiyini, gənclərə diqqət və qayğının dövlət səviyyəsində göstərildiyini diqqətə çatdıran Prezidentin İcra Aparatının şöbə müdiri 1993-cü ildən başlayaraq gənclərin ölkənin ictimai-siyasi həyatında fəaliyyətini genişləndirmək məqsədi ilə bir sıra mühüm dövlət proqramları, layihələr həyata keçirildiyini, bunun məqsədinin sağlam və istedadlı, vətənpərvər, müasir təfəkkürə malik yeni nəslin yetişdirilməsi olduğunu vurğulamışdır. Ə.Həsənov qeyd etmişdir ki, dövlətimiz məhz belə gənclərə güvənir və həmişə onlara arxa durmağa hazırdır.
Sərgi iştirakçıları qarşısında çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, dövlətin gənclərlə bağlı siyasətinin əsas istiqamətlərindən biri onların ictimai birliklərinin yaradılmasına hərtərəfli yardım etmək, səmərəli işinin təşkilinə nail olmaqdır. Sevindirici haldır ki, son illər gənclər müxtəlif yönümlü təşkilatlarda birləşərək ölkənin ictimai həyatında fəal mövqe nümayiş etdirirlər. İstedadlı və bacarıqlı gənclərin üzə çıxarılmasında, onlarda müəyyən idarəetmə və liderlik qabiliyyətlərinin formalaşmasında ictimai işlərin, o cümlədən qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərməyin böyük əhəmiyyəti vardır.
Statistik rəqəmlərə müraciət edən A.Rəhimov demişdir ki, bu gün ölkəmizdə rəsmi dövlət qeydiyyatından keçmiş gənclər təşkilatlarının sayı 170-dən artıqdır. Bu təşkilatların sayı ildən-ilə çoxalır. Məsələn, 2003-cü ildə 7 təşkilat qeydiyyata alındığı halda, 2007-ci ildə bu rəqəm 31-ə çatmışdır. Bu baxımdan Gənclər və İdman Nazirliyinin nəzdində gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir.
Keçən il təşkil edilmiş ilk sərginin nəticələrini müsbət qiymətləndirən A.Rəhimov vurğulamışdır ki, bu cür tədbirlərin keçirilməsi cəmiyyətdə gənclər təşkilatlarına olan münasibəti kökündən dəyişməklə yanaşı, gənclərin ictimai işə marağını da xeyli artırmışdır.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olmuş, gənclər təşkilatlarının son bir ildə gördükləri işlərlə maraqlanmışlar.
######
![]() |
![]() |

