AZƏRBAYCAN GİMNASTLARI TURİNDƏ KEÇİRİLƏN AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə yığma komandası İtaliyanin Turin şəhərində keçirilən XXIV Avropa çempionatında iştirak edir. Fərdi turnirdə ölkəmizi Pekin Olimpiadasına vəsiqə almış Aliyə Qarayeva və Dinara Gimatova, habelə ehtiyat gimnast Anna Qurbanova təmsil edirlər. Püşkatmanın nəticələrinə görə, gimnastlarımız Rusiya, Ukrayna, Belarus və Bolqarıstan nümayəndələri ilə birlikdə ən güclu “A” qrupuna düşmüşlər.
Bu mötəbər idman forumunda yeniyetmələrin yarışında ilk dəfə Samirə Mustafayeva və Nigar Əbdüsəlimova çıxış edəcəklər. Məşqçilərin fikrincə, əgər Samirə yeniyetmələr arasında şəksiz liderdirsə, Nigar çempionatqabağı təlim-məşq toplantısında komanda yoldaşları arasında ən sabit gimnast təsiri bağışlamışdır.
Qrup hərəkətləri komandalarının yarışında Azərbaycanı Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət kvintet təmsil edəcəkdir. Pekin Olimpiadasının daha bir iştirakçısı Turin çempionatında birinci çıxış edəcəkdir.
Çempionatda 35 ölkədən cəmi 21 nəfər yaşlı, 100 yeniyetmə idmançı və 16 qrup komandası iştirak edir.
Builki Avropa çempionatının formulu və formatı ötənilki Bakı çempionatından fərqlənir. Bu dəfə komanda hesabında Avropa çempionu yeniyetmələr arasından seçiləcəkdir. Ona görə də S.Mustafayeva və N.Əbdüsəlimovanın topladıqları ballar nəinki ayrı-ayrı hərəkətlər üzrə finallara vəsiqədir, həm də yekun cədvəlindəki yerlərin paylanmasında əhəmiyyətli rol oynayacaqdır. Yeri gəlmişkən, Samirə ip, halqa və topla, Nigar isə lentlə çıxış edəcəklər.
Yaşlı gimnastlara və qrup komandasına gəldikdə isə A.Qarayeva və D.Gimatova çoxnövçülük yarışlarının finalında medallar uğrunda mübarizə aparacaq, qrup komandası isə 5 ip/3 halqa/4 gürzlə finala çıxmış 8 komanda arasında yer tutmazdan əvvəl mütləq birincilik yarışlarında iştirak edəcəkdir.
Turin çempionatında Azərbaycanın idman nümayəndə heyətinə Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov başçılıq edir. Çempionatda Azərbaycan nümayəndə heyətinin Avropa Gimnastika İttifaqının və qitə federasiyalarının başçıları ilə görüşləri nəzərdə tutulmuşdur.