AZƏRBAYCAN GİMNASTLARININ BÖYÜK UĞURU
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gimnastlarımız Yunanıstanın Patras şəhərində keçirilən dünya çempionatından komanda yarışlarında qazandıqları bürünc medallar və 2008-ci ilin Olimpiya oyunlarına 3 lisenziya ilə qayıtmışlar. Gimnastikada sözünü demiş Rusiya və Belarus idmançılarından sonra üçüncü yeri tutmaq ölkəmiz üçün tarixi nailiyyətdir. Aliyə Qarayeva, Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı Yunanıstan meydançasını təkcə Azərbaycan deyil, həm də 28-ci dünya çempionatında iştirak edən 49 ölkədən gəlmiş azarkeşlərin alqışları altında tərk etmişlər. Bundan əlavə, Azərbaycan Çində keçiriləcək Olimpiya oyunlarına maksimum lisenziya qazanmışdır. Respublikamız Olimpiya oyunlarında ilk dəfə bütün gimnastika hərəkətlərində təmsil olunacaqdır. Fərdi turnirdə iki bədii gimnastımız (Aliyə Qarayeva və Dinara Gimatova), habelə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeri Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarovadan ibarət qrup komandamız iştirak edəcəkdir.
Azərbaycan Gimnastika Federasiyasının çoxsaylı nümayəndə heyəti, məşqçilər və xoreoqraflar gimnastlarımıza böyük dəstək olmuşlar. Qızlarımızı dəstəkləmək üçün Azərbaycanın Yunanıstandakı səfiri Mirhəmzə Əfəndiyevin başçılığı ilə diplomatik nümayəndəliyin əməkdaşları da Patrasa gəlmişdilər. Diplomat bildirmişdir ki, Pekinə lisenziyaların Olimpiya oyunlarını dünyaya bəxş etmiş bir ölkədə qazanılması rəmzi haldır.
Gimnastlarımızın azarkeşləri arasında Milli Məclisin deputatları, Milli Gimnastika Federasiyası icraiyyə komitəsinin üzvü Rauf Əliyev və Azərbaycan nümayəndə heyətinin üzvü Eyvaz Qurbanov da var idi. O demişdir: Azərbaycan Bakıda keçirilən Avropa çempionatında qazanılan bürünc medala daha bir, bu dəfə dünya keyfiyyətli “bürünc” əlavə etmişdir. Azərbaycan yığması sınaqdan şərəflə çıxaraq, komanda hesabında üçüncü yeri tutmuşdur. Bu, komandamız, ölkəmiz üçün böyük uğurdur. Şübhəsiz ki, gimnastlarımızın hazırlıq prosesinin təşkilində və onlara yardım göstərilməsində Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. 5 il ərzində ölkəmizdə gimnastikada böyük nailiyyətlər əldə edilmişdir. Buna görə biz ilk növbədə federasiyanın prezidentinə minnətdarıq. Gimnastika təkcə Bakıda deyil, ölkənin bölgələrində də inkişaf edir. Bu isə məşqçilərə və mütəxəssislərə əlavə seçim işləri aparmağa imkan verir. Çempionat çox gərgin keçmişdir. Düşünürəm ki, Olimpiya oyunları ikiqat gərgin olacaqdır. Buna görə də yığmamızın Olimpiadaya hazırlıq dövrü ərzində daim məşq etməsi, müxtəlif turnirlərə, toplantılara qatılması çox vacibdir.
Eyvaz Qurbanov xüsusi vurğulamışdır ki, yaxın iki ildə Azərbaycan dünyada üçüncü mükafatçı olacaqdır. O demişdir: “Gimnastlarımızın daim inkişaf edərək irəliləməsini böyük uğur sayıram. Burada idmana xüsusi əhəmiyyət verən dövlətimizin xidmətləri böyükdür. Əgər Afinada ölkəmizi yalnız Anna Qurbanova təmsil edirdisə, Pekinə iki gimnastımız - Aliyə Qarayeva və Dinara Gimatova gedəcəklər. Hər zaman həvəslə çıxış edən qrup komandamız da onlara qoşulacaqdır. Ancaq lisenziya yalnız oyunlarda iştiraka icazədir. Dünya çempionatı Olimpiya oyunlarının necə gərgin, ağır keçəcəyini nümayiş etdirdi. Biz elə hazırlaşmalıyıq ki, uğurla çıxış edək və medal qazanaq.