AZƏRBAYCAN GÖMRÜK ORQANLARININ YUBİLEYİ
Yanvarın 30-da müstəqil Azərbaycanın gömrük orqanlarının 10 yaşı tamam olmuşdur. Bu münasibətlə həmin gün Dövlət Gömrük Komitəsində təntənəli mərasim keçirilmişdir.
Yubiley mərasimini komitənin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov açaraq, ötən 10 ildə gömrük orqanlarının keçdiyi yola nəzər saldı, əldə olunan uğurlardan danışdı, bazar iqtisadiyyatına keçid şəraitində dövlət büdcəsinin gəlirlərində gömrük vergi və rüsumlarının 1994-cü ildəki 3 faizdən, 2001-ci ildə 20 faizə çatdığını bildirdi. O dedi ki, bütün bu uğurlarda gömrük işçilərinin peşəkarlığı ilə yanaşı, artıq tam modernləşdirilən mövcud sistemin maddi-texniki təminatı da önəmli rol oynamışdır.
Mərasimdə iştirak edən Dünya Gömrük Təşkilatının baş katibi Mişel Dane Azərbaycan gömrükçülərinin beynəlxalq əlaqələrindən danışdı. Təşkilata daxil olan 161 ölkə arasında Azərbaycanın ilkin yerlərdən birini tutduğunu söyləyən cənab Dane respublikamızın Gömrük Komitəsinin gələcəkdə də himayə ediləcəyini bildirdi. O, Azərbaycan gömrükçülərinin son illərdəki fəaliyyətini yüksək qiymətləndirdi.
Rusiya Dövlət Gömrük Komitəsinin sədri Mixail Vanin çıxışında ölkələrimizin gömrük orqanları arasında sıx əməkdaşlıq münasibətləri yaradılmasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun və komitənin digər məsul işçilərinin xidmətlərini vurğuladı və onlara medallar təqdim etdi.
Azərbaycan xalqının yaxın dostu, məşhur yazıçı Oljas Süleymenovun gömrükçülərimizin peşə bayramında iştirakından məmnun qaldığını söylədi. Qazaxıstan nümayəndə heyəti adından hədiyyə təqdim etdi.
Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.
Yubiley mərasimi başa çatdıqdan sonra Niderland ilə Azərbaycan arasında gömrük sazişi imzalandı.
Daha sonra Dünya Gömrük Təşkilatının baş katibi Mişel Dane mərasim iştirakçılarını Bakıda açılacaq regional analitik tədris-təhsil mərkəzinin maketi ilə tanış etdi. Belə mərkəz hələlik yalnız Macarıstanda yaradılmışdır.
Azərbaycanın baş naziri Artur Rasizadə mərasimdə iştirak edirdi.