AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ AVROPA ÇEMPİONATININ BEŞİNCİ GÜNÜ ÜÇ MEDAL QAZANMIŞLAR
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən güləş üzrə Avropa çempionatında 55 kq, 60 kq, 66 kq və 74 kq çəki dərəcələrində yunan-Roma güləşçilərinin yarışları keçirilmişdir.
Çempionatın beşinci günü xalça üzərinə Azərbaycan pəhləvanları Elçin Əliyev (55 kq), Həsən Əliyev (60 kq), Fərid Mansurov (66 kq) və Elvin Mürsəliyev (74 kq) çıxmışlar.
Elçin Əliyev rəqibləri Vüqar Əliyevi (Ukrayna), Anders Andresen Ronningeni (Norveç), Aleksandr Stoyanov Kostadinovu (Bolqarıstan) məğlub edərək finala vəsiqə qazanmışdır. Finalda Rusiya güləşçisi Nazir Mankiyevdən üstün olmuş, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Həsən Əliyev ardıcıl olaraq rəqibləri Sebastian Serge Hidalqonu (Fransa), Söner Sucunu (Türkiyə), Tonimir Sokolu (Xorvatiya) yarışdan kənarlaşdırmış, final görüşündə Ukrayna güləşçisi Konstantin Balitskini məğlub edərək qızıl medala sahib olmuşdur.
Yunan-Roma güləşi üzrə Afina Olimpiadasının qalibi, ikiqat dünya çempionu Fərid Mansurov ispan rəqibi Oskar Parra Fernandez ilə qarşılaşmada zədə aldığına görə çempionatda iştirakını dayandırmışdır. Rusiya güləşçisi Ambako Vaçadze rəqibi İon İulian Panaiti (Rumıniya) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Tomas Sobeçkini (Çexiya), Bozo Starceviçi (Xorvatiya), Peter Bacsini (Macarıstan) məğlub edən Elvin Mürsəliyev qızıl medal uğrunda görüşdə belaruslu güləşçi Aleksandr Kikiniouya uduzaraq çempionatın gümüş medalı ilə kifayətlənmişdir.
Sonra güləşçilərə FİLA-nın xüsusi mükafatları təqdim olunmuşdur. Avropa çempionatının ən yaxşı yunan-Roma güləşçisi adına Elçin Əliyev və Həsən Əliyev layiq görülmüşlər.