AZƏRBAYCAN HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNİN KOMANDANIPAKİSTANDA SƏFƏRDƏ OLMUŞDUR
Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, kontr-admiral Ş.Sultanov səfər müddətində həmkarları ilə görüşlər keçirmiş, tərəfləri maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparmışdır. Pakistan HDQ-nin komandanı admiral Ş.Kərimullah ilə görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi yolları müzakirə edilmişdir. Pakistanın müdafiə naziri Rao Sikandar İqbal Azərbaycan HDQ-nin komandanı kontr-admiral Ş.Sultanovu qəbul etmişdir. Söhbət zamanı Azərbaycan və Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanmış, müdafiə sahəsində hər iki ölkənin qarşılıqlı əməkdaşlıq etmək əzmində olduğu bildirilmişdir.
Hər iki görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycanı dəstəklədiyi və xalqımızın haqq işinə kömək etməyə hazır olduğu vurğulanmışdır. Kontr-admiral Ş.Sultanov Kəşmir məsələsində Azərbaycanın Pakistanı dəstəklədiyini və bu problemin BMT-nin müvafiq qətnamələrinə uyğun həll edilməsinə tərəfdar olduğunu bildirmişdir.
Kontr-admiral Ş.Sultanov Pakistanın Silah-Sursat İstehsalı və İxracı Təşkilatında da olmuş, onun baş direktoru general Seyid Əli Həmidlə görüşmüşdür.
Azərbaycan nümayəndə heyəti Pakistanın Hərbi Hava Qüvvələri Qərargahında rəsmi görüş keçirmiş, Lahor şəhərindəki Hərbi Dəniz Kolleci ilə yaxından tanış olmuşlar. Nümayəndə heyəti Pakistan HDQ-nin Kəraçidəki donanma qərargahına getmiş, gəmiqayırma zavodunda və müxtəlif hərbi hissələrdə olmuşlar.
Keçirilən görüşlərdə Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli və ölkəmizin hərbi attaşesi general-leytenant Talib Məmmədov iştirak etmişlər.
Azərbaycan nümayəndə heyətinin səfəri Pakistanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Kontr-admiral Ş.Sultanov və nümayəndə heyətinin üzvləri Azərbaycanın Pakistandakı səfirliyində də olmuş, əməkdaşlarla görüşmüşlər.