İQTİSADİYYAT
“Azərbaycan” İES-də yenidənqurma işlərinin 70 faizi başa çatıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası “Azərbaycan” İES-in yenidən qurulması prosesi davam etdirilir. Hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku növbəli şəkildə yenidən qurularaq təmir olunur.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, ötən ilin payızından başlayaraq bu günədək 4 blokda yenidənqurma işləri aparılıb. Bir blokda bu işlər yekunlaşmaq üzrədir. Digər 3 enerji bloku da növbəli şəkildə yenidən qurulacaq.
Paralel olaraq “Azərbaycan” İES-də yerləşən, ölkənin 2 ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada işlərin 95 faizi görülüb və hazırda sazlama işləri həyata keçirilir. Ötən ilin iyulunda qəza baş verən 330 kilovoltluq yarımstansiyada isə yenidənqurma sürətlə davam etdirilir və işlərin yarıdan çoxu görülüb. 330 kilovoltluq yarımstansiyanın idarəetməsi üçün tikilən mərkəzdə işlər tamamlanıb.
Bundan başqa, su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi və yolun çəkilməsi prosesi yekunlaşıb və əhalinin istismarına verilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekunlaşıb, hazırda idarəetmə vasitələrinin sazlanması prosesi həyata keçirilir. Həmçinin elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb, son tənzimetmə işləri aparılır.
İstismar müddətini çoxdan keçən “Azərbaycan” İES yenidən qurulduqdan sonra ömrü ən azı 20 il uzanacaq, 320 meqavat “itirilmiş” güc bərpa ediləcək. Ən əsası isə elektrik stansiyasının etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi təmin olunacaq.
“Azərbaycan” istilik elektrik stansiyasının yenidən qurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.