Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Respublikasının Afrika İttifaqındakı daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının sosial məsələlər üzrə komissarı Mustafa Siddiki Kaloko ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Afrika İttifaqı (Aİ) arasında sosial, idman və gender bərabərliyi sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Komissar Mustafa Siddiki Kaloko bu sahələrin Afrika üçün çox vacib olduğunu qeyd edib və ölkəmizin bu sahələrdəki uğurlarını nəzərə alaraq tərəflər arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Afrika İttifaqı arasında əməkdaşlığın perspektivlərindən danışılarkən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsinin və hüquq-müqavilə bazasının genişləndirilməsinin zəruriliyi qeyd edilib. Komissara “Bakı-2015” ilk Avropa Oyunları barədə də ətraflı məlumat verilib.