Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsi səfir Zoltan Hernyes ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Zoltan Hernyesi Avropa Şurasının Azərbaycana nümayəndəsi təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə “Avropa Şurası-Azərbaycan Fəaliyyət Planı”nın həyata keçirilməsi və praktiki layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və müvafiq monitorinq komitələri ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub.
Nazir Elmar Məmmədyarov Ermənistanın Avropa Şurasına üzv qəbul edilərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair öhdəliyinin yerinə yetirilmədiyini xatırladıb. Həmçinin, görüşdə nazir “Çıraqov və digərləri Ermənistana qarşı” işinə diqqət çəkərək Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müvafiq hökmünün təmin edilməməsinə toxunub.
Səfir Zoltan Hernyes diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Avropa Şurası arasında ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.