Azərbaycan ilə Braziliya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 28 avqust (AZƏRTAC). Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliya Turizm İnstitutunun (EMBRATUR) prezidenti Visente Jose de Lima Neto ilə görüşüb. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Sultanov Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edib, ölkəmizdə turizmin inkişafı sahəsində əldə olunan nailiyyətlər, o cümlədən yaradılmış müasir turizm infrastrukturu və keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. O, Azərbaycanın turizm sahəsində Braziliya ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, bir sıra konkret təşəbbüslərlə çıxış edib.
EMBRATUR-un rəhbəri V.Neto Braziliyanın turizm sahəsində həyata keçirdiyi siyasət barədə məlumat verib, institutun Azərbaycan ilə əməkdaşlıqda və gələcəkdə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Sonda səfir Elnur Sultanov V.Netoya Azərbaycan mədəniyyətinə və turizminə aid materiallar təqdim edib.