Azərbaycan ilə İordaniya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev bu ölkənin Parlamentinin Nümayəndələr Palatasının sədri Atif Taravneh ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, R.Rzayev ölkələrimiz arasında əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edərək, Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq və qardaşlıq əlaqələrinin, həyata keçirilmiş qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərə müsbət təsirini vurğulayıb. Turizm, sərmayə qoyuluşu, ticarət, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin, habelə Bakı və Əmman arasında birbaşa hava yolunun açılmasının və Azərbaycan ilə İordaniya arasında viza rejiminin sadələşdirilməsinin önəmini diqqətə çatdırıb.
Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin inkişafının, dostluq qruplarının fəaliyyətinin razılıq doğurduğunu bildirən R.Rzayev Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə cari il sentyabrın 20-də keçiriləcək tədbirdə dost İordaniyanın da təmsil olunacağına əminliyini ifadə edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu və nəticədə bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü barədə ətraflı məlumat verən səfir R.Rzayev İordaniya Senatının Xocalı soyqırımı barədə qəbul etdiyi sənədin yüksək qiymətləndirildiyini vurğulayıb.
İordaniya parlamentinin sədri ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluğunu ifadə edib. O, iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə yüksəldilməsinin zəruriliyi haqqında İordaniyanın Baş naziri ilə söhbət apardığını və bu istiqamətdə cari ilin fevralında Əmmanda keçirilmiş Hökumətlərarası Müştərək Komissiyanın 3-cü iclasının əhəmiyyətini qeyd edib.
A.Taravneh Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə sentyabrın 20-də keçiriləcək tədbirdə iştirakla bağlı Milli Məclisin sədri Oqtay Əsədovun dəvətini xalqlarımız və parlamentlərimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin rəmzi kimi qiymətləndirib.