AZƏRBAYCAN İLƏ İRANIN GÖMRÜK XİDMƏTLƏRİ ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ölkələrimizin siyasi, mədəni, iqtisadi, ticari əlaqələrini yüksək qiymətləndirən Aydın Əliyev, mövcud əməkdaşlığın daha da dərinləşməsi üçün potensial imkanlardan istifadə edilməsinin zəruriliyini vurğulamışdır. Azərbaycan ilə İranın gömrük xidmətləri arasında əlaqələrə diqqəti yönəldən komitə sədri bildirmişdir ki, sərhədyanı ticarətin genişləndirilməsi, sərhəd keçid məntəqələrinin sayının artırılması, vətəndaşların daha sadə və şəffaf keçidinin təmin edilməsi üçün bir sıra qarşılıqlı tədbirlər görülməlidir.
Qarşıda duran vəzifələrin konkret həllinə tədricən nail olmağın mümkünlüyünü bildirən A.Əliyev, İranın Gömrük İdarəsinin rəisi Məhəmməd Haşim Rəhbərini respublikamıza dəvət etdiyini qonaqların diqqətinə çatdırmışdır.
Nümayəndə heyətinin rəhbəri səfir Əfşar Süleymani qəbula görə təşəkkür etmiş, bir neçə gün bundan öncə keçirilən görüşü xatırladaraq müzakirə olunan məsələləri ölkəsinin rəsmilərinə çatdırdığını və müsbət nəticələrin əldə olunacağına əminliyini bildirmişdir.
Nümayəndə heyətinin üzvü, Ərdəbil Vilayəti Gömrük Baş İdarəsinin rəisi Cavad Sərabi Aydın Əliyevə yeni təyinatı münasibətilə İran Gömrük İdarəsinin rəisi Məhəmməd Haşim Rəhbərinin səmimi təbriklərini çatdırmış, mövcud əməkdaşlığın daha da gücləndirilməsi naminə işlərində uğurlar arzulamışdır.
Ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirən C.Sərabi, sərhədlərdə ciddi problemlərin olmadığını məmnunluq hissi ilə vurğulamış, sadəcə, bir neçə məsələlərin müzakirəsinə ehtiyac olduğunu nəzərə çarpdırmışdır.
Komitə sədri A.Əliyevi iranlı həmkarı M.H.Rəhbərinin adından Tehrana rəsmi səfərə dəvət edən qonaq, sərhəddə yerləşən Biləsuvar müştərək bazarının fəaliyyətə başlamasına İranda böyük önəm verildiyini söyləmiş, sərhəd keçid məntəqələrinin sayının artırılmasına ölkəsinin müsbət yanaşdığını bildirmiş, “Aslandüz-Horadiz” gömrük keçid məntəqəsinin açılmasında heç bir problemin olmadığını, bu istiqamətdə işlərin sürətləndirilməsinin vacibliyini qeyd etmişdir.
O, eyni zamanda, ÜGT Regional Tədris Mərkəzində İƏT-in üzü olan dövlətlərin gömrük xidmətləri əməkdaşları üçün təşkil olunacaq seminarlarda iranlı gömrükçülərin iştirakı ilə bağlı verilən təklifi də yüksək qiymətləndirmiş, bu məsələnin həlli üçün konkret addımların atılacağını diqqətə çatdırmışdır.
Səmimi sözlərə və qonşu ölkəyə dəvətə görə təşəkkür edən DGK sədri A.Əliyev, yarana biləcək hər hansı kiçik bir problemin dərhal həll olunması üçün İranla sərhəddə fəaliyyət göstərən gömrük idarələrinin rəislərinə ayda bir dəfə olmaqla qonşu ölkədəki həmkarları ilə görüşmələri barədə tapşırıq verdiyini bildirmişdir.
Biləsuvar müştərək bazarının fəaliyyətinə gəlincə, A.Əliyev qeyd etmişdir ki, Azərbaycan da bu bazarın işə düşməsinin tərəfdarıdır. Lakin fəaliyyətinin ilk vaxtlarında müəyyən işbazların süni maneələri nəticəsində bazarın işi istənilən səviyyədə alınmadı. Sərhəddə fəaliyyət göstərən bazar o zonada yaşayan insanların təlabatı üçün nəzərdə tutulur. Komitə sədri məhz bu məqsədlə bazarın uzunmüddətli işləməsinin zəruriliyini vurğulayaraq, hər iki tərəfdə problemlərin həll olunacağına ümid etdiyini demişdir.
A.Əliyev Azərbaycan-İran ticarət əlaqələrinə töhfə olacaq Ərdəbil vilayətində istehsal olunan malların Bakıda sərgisinin keçirilməsini də təklif etmiş, əvvələr də bu qəbildən təşkil olunmuş sərgilərin ölkələrimizin iqtisadi həyatında böyük rol oynadığını söyləmişdir.
“Aslandüz-Horadiz” gömrük keçid məntəqəsinin açılmasına müsbət yanaşmaya görə təşəkkür edən komitə sədri, bu keçidin fəaliyyətinin sərhədyanı bölgədə yaşayan insanlara həm iqtisadi, həm də mənəvi baxımdan böyük təsiri olacağını söyləmiş,Yardımlı rayonu ərazisində sadələşdirilmiş gömrük keçid məntəqəsinin açılmasını təklif etmiş, qaçaqmalçılıq hallarının qarşısının alınmasına bu məntəqənin müsbət təsirindən danışmış, müzakirə olunan məsələlərin həlli üçün işçi qrupunun yaradılacağını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılmışdır.