SİYASƏT
Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətləri yeni müsbət dinamikada inkişaf edir
Bakı, 24 may, AZƏRTAC
Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan beynəlxalq müstəvidə əlaqələrini gücləndirməkdə davam edir. Ölkəmiz bu istiqamətdə uğurlu xarici siyasət həyata keçirir. Ötən dövr ərzində dünyanın bir çox dövlətləri ilə münasibətlərin inkişafı istiqamətində mühüm nəticələr əldə edilib. Azərbaycan-Litva əlaqələrinin inkişafı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri də qarşılıqlı əlaqələrin dinamik inkişafının təzahürüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb, bir sıra mühüm sənədlər imzalanıb. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını daim nümayiş etdirir və bu istiqamətdə fəallıq nəzərəçarpan dərəcədə yüksəkdir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Məlumdur ki, ötən ilin mayında Litva Prezidenti Gitanas Nauseda ölkəmizə rəsmi səfər etmişdi.
“Vilnüsdə prezidentlərin mətbuata birgə bəyanatları zamanı dövlətimizin başçısı regionumuzda mövcud vəziyyət, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri haqqında da fikirlərini bildirib. Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatının formalaşması üçün yeni imkanlar yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda sülhün və əməkdaşlığın qurulmasında maraqlı görünmür. Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Cənab Prezidentin dediyi kimi, “sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”, - deyə deputat bildirib.
Deputat vurğulayıb ki, bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət perspektiv əməkdaşlıq istiqamətləridir. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Əminliklə söyləmək olar ki, Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər qarşılıqlı əlaqələrin inkişafına güclü təkan verəcək”, - deyə S.Fətəliyeva vurğulayıb.