AZƏRBAYCAN İLƏ SLOVENİYANIN İKİTƏRƏFLİ ƏLAQƏLƏRİNİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə xarici işlər naziri Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişafı üçün Sloveniya səfirliyinin Bakıda yerləşməsinin vacib olduğunu vurğulamışdır.
Səfir Andre Qrosselli qəbula görə təşəkkürünü bildirərək, daha sıx əməkdaşlıq üçün Vyanada fəaliyyət göstərən səfirimizin, eyni zamanda, Sloveniyada akkreditə edilməsinin ölkəsi üçün əhəmiyyətli olduğunu bildirdi. Daha sonra səfir ölkəmizdə fəaliyyət göstərən fəxri konsul Borut Mequşarın etimadnaməsini nazir Elmar Məmmədyarova təqdim etdi və səfirliyin Azərbaycanda fəaliyyət göstərməsi məsələsinin mərhələli şəkildə həyata keçəcəyinə ümidvar olduğunu qeyd etdi.
Respublikamızın xarici siyasət idarəsinin başçısı fəxri konsulun ölkəmizdə fəaliyyətə başlamasının ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edərək, Sloveniyanın Avropa Birliyinə üzvlüyünün Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına yardım göstərəcəyinə ümidvar olduğunu bildirdi və bu münasibətlə sloveniyalı həmkarına təbrik məktubu göndərdiyini diqqətə çatdırdı.
Səmimi sözlərə görə təşəkkürünü bildirən səfir, ölkəsinin bu sahədəki təcrübəsindən bəhrələnmək üçün respublikamıza kömək etməyə hazır olduğunu qeyd edərək, Sloveniyanın Azərbaycanla əməkdaşlığa hörmətlə yanaşdığını bildirdi. Səfir ölkəsinin Avropa Birliyinin üzvü olmasaydı belə, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyəcəyini xüsusilə qeyd etdi. O, həmçinin Sloveniyanın ATƏT-ə sədrliyi dövründə də Azərbaycanın maraqlarının qorunmasına ölkəsinin səy göstərəcəyinə əminlik ifadə etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə səfirə ətraflı məlumat verən nazir Elmar Məmmədyarov, Avropa Birliyinin münaqişənin həllindəki təşəbbüsünü yüksək dəyərləndirdiyini bildirdi. 2004-2008-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramının həyata keçirildiyini bildirən nazir, bu işə Sloveniya biznesmenlərinin cəlb olunması arzusunu da ifadə etdi. Nazir, həmçinin Türkiyə ilə Yunanıstan arasında mövcud sazişə əsasən, Azərbaycan qazının Türkiyə ərazisindən Balkanlara nəql ediləcəyini səfirin diqqətinə çatdırdı.
Daha sonra ikitərəfli əlaqələrin perspektivlərinə toxunan səfir Andre Qrosselli, ölkələrimiz arasında mədəniyyət sahəsində də müvafiq sazişin imzalanmasına ölkəsinin hazır olduğunu nazirin diqqətinə çatdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.