SİYASƏT
Azərbaycan ilə Tacikistanı dostluq əlaqələri və çoxtərəfli əməkdaşlıq birləşdirir
Düşənbə, 14 fevral, AZƏRTAC
Tacikistanın dialoq.tj portalı Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadənin iki ölkənin əlaqələrindən bəhs edən “Azərbaycan-Tacikistan: dostluq, tərəfdaşlıq və xalqlarımızın tarixi yaxınlığı” sərlövhəli məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ilə Tacikistanı dostluq əlaqələri və çoxtərəfli əməkdaşlığın birləşdirdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycan və tacik xalqlarının əlaqələrinin tarixi qədim zamanlara gedib çıxır.
Məqalədə vurğulanır ki, ölkələrimiz arasında əlaqələr ikitərəfli formatda inkişaf edir. Azərbaycan və Tacikistan BMT, ATƏT, MDB, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir.
Azərbaycanda fars-tacik ədəbiyyatının görkəmli nümayəndələri Rudəki, Sədi Şirazi, Hafiz, Ömər Xəyyam, Əbdürrəhman Cami və digər ədiblərin əsərlərini sevir və oxuyurlar. Eləcə də dünya ədəbiyyatına böyük töhfələr verən Azərbaycan şairləri Nizami Gəncəvi, Xəqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər şairlərimizi tacik xalqı yaxşı tanıyır və oxuyur.
Tacikistanda tanınmış azərbaycanlılar zaman-zaman yaşayıb və çalışıblar. 1930-1933-cü illərdə Tacikistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi azərbaycanlı Mirzə Davud Hüseynov olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə