AZƏRBAYCAN İLƏ UKRAYNA ARASINDA MÜNASİBƏTLƏRDƏ BÖYÜK TƏRƏQQİ ƏLDƏ EDİLMİŞDİR
Nazir E.Məmmədyarov Azərbaycan ilə Ukrayna arasında münasibətlərin inkişaf dinamikasından məmnun qaldığını bildirmiş, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı yüksək dəyərləndirmişdir.
GUAM-ın perspektivlərinə toxunan nazir, bu qurumun beynəlxalq təşkilat statusu əldə etməsində Azərbaycan tərəfinin maraqlı olduğunu söyləmiş və təşkilat çərçivəsində narkotrafikə, terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş əməkdaşlığın bu prosesə öz töhfəsini verəcəyinə əminliyini vurğulamış, ölkələrimizin qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı, aqrobiznes və digər sahələrdə əməkdaşlığı üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırmışdır.
Ölkələrimiz arasında münasibətlərdə böyük tərəqqinin əldə edildiyini bildirən ukraynalı qonaq, bu əlaqələrin bərabər hüquq və qarşılıqlı maraq əsasında inkişaf etdirilməsinə tərəfdar olduğunu təsdiqləmiş, GUAM çərçivəsində enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa ehtiyac duyulduğunu bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Kinax, Ukrayna hökumətinin bu problemin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini söyləmişdir.
Tərəflər dondurulmuş münaqişələrin həlli üçün ikitərəfi əsasda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdalığın gücləndirilməsinin zəruriliyini vurğulamış, həmçinin dünya ictimaiyyətinin diqqət mərkəzində olan Kosovo münaqişəsi ilə bağlı fikir mübadiləsi apararaq, məsələnin beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinə tərəfdar olduqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, münaqişə başqa standartlarla çözülərsə, bu təcrübədən digər münaqişələrin həllində istifadə edilə bilməz.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.