MƏDƏNİYYƏT
Azərbaycan ilk dəfə “İCCA araşdırma, satış və marketinq” proqramında təmsil olunub
Bakı, 1 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəni beynəlxalq arenada tanıtmaq istiqamətində işlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilk dəfə Amsterdamda keçirilən “İCCA araşdırma, satış və marketinq” proqramında (“İCCA research, sales and marketing”) təmsil olunub.
Azərbaycanın iyun ayında qoşulduğu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) əsas məqsədi beynəlxalq konqreslərin təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən qurumları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını yeniləməkdir.
Bu çərçivədə təşkil olunan “İCCA araşdırma, satış və marketinq” proqramı MİCE (biznes turizmi) bazarındakı son tendensiyaları İCCA üzv ölkələrinin nəzərinə çatdırmaq, əməkdaşlıq əlaqələri qurmaq və eləcə də daha səmərəli tədbirlərin təşkili haqqında məlumatları paylaşmaq baxımından əlverişli rol oynayıb.
Ümumilikdə 150-yə yaxın İCCA-ya üzv ölkə və təşkilat nümayəndələrinin qatıldığı tədbirdə iştirak etməklə Azərbaycan Konqreslər Bürosu büro rəhbərləri ilə birbaşa ünsiyyətdə olmaq və tədbirin təşkilindəki əsas amillər barədə dəyərli fikirlər əldə etmək imkanı qazanıb.