AZƏRBAYCAN İQTİSADİ ARTIM BAXIMINDAN DÜNYADA LİDER ÖLKƏYƏ ÇEVRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirmişdir ki, ötən il iqtisadi islahatların uğurla davam etdirilməsi prosesi möhkəmlənmiş və iqtisadi artım baxımından respublikamız dünyada lider ölkəyə çevrilmişdir. Ümumi daxili məhsul təxminən 27 faiz artmışdır və bu, dünyada görünməmiş bir nəticədir. Bununla yanaşı, sənaye potensialının 33 faizdən çox artması da böyük uğurdur və heç bir ölkədə bu rəqəmə rast gəlinmir. Əhalinin pul gəlirləri 27 faiz, əmək haqqı 22 faiz artmışdır. İnflyasiya 9,8 faiz olmuşdur. Əhalinin pul gəlirləri ilə müqayisədə real gəlirlər 17 faiz çoxalmışdır.
Prezident demişdir ki, Azərbaycanda orta aylıq əmək haqqının keçən ilin sonunda təxminən 140 dollar təşkil etməsi də böyük artımdır. 2006-cı ildə minimum əmək haqqının qaldırılması prosesinin davam edəcəyini nəzərə alsaq, cari ilin sonunda Azərbaycanda orta aylıq əmək haqqı daha da artacaqdır.