“AZƏRBAYCAN İQTİSADİYYATI VƏ SƏRMAYƏ İMKANLARI” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Əvvəlcə, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə, ümummilli liderimiz Heydər Əliyevin, onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin bu əlaqələrin müvəffəqiyyətlə inkişaf etdirilməsi yönündə dost və qardaş ölkənin rəsmiləri ilə görüşlərinə, həmçinin “Azərsun Holdinq” Şirkətlər Qrupunun fəaliyyətinə həsr olunmuş film göstərilmişdir.
Tədbirdə Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) idarə heyətinin sədri Bataçar Baysal, “Azərsun Holdinq” Şirkətlər Qrupunun baş direktoru Əhməd Yeman, İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti Departamentinin direktoru Rəhim Hüseynov, həmin nazirliyin Sahibkarlığın İnkişafı Departamentinin direktor əvəzi Zaur Qasımov, Qafqaz Universitetinin prorektoru, professor Niftəli Qocayev bildirmişlər ki, təqdimatı keçirilən kitab müstəqillik qazandıqdan sonra Azərbaycan və onun iqtisadiyyatı haqqında ən son tədqiqatlardandır və əsərdə ölkəmizə sərmayə qoyuluşu mühitinin geniş təsviri verilmişdir. Qeyd edilmişdir ki, “Azərsun Holdinq”in maliyyə köməyi ilə çap edilmiş və müəllifin artıq altıncı olan kitabının əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, ölkədəki iqtisadi-siyasi yüksəlişi göstərmək, respublikaya sərmayə yatırımının xeyrini iş adamlarının diqqətinə çatdırmaqdır. Çıxış edənlər, kitabın əhəmiyyətini nəzərə alaraq, onun Azərbaycan dilinə tərcümə edilməsinin məqsədəuyğunluğunu vurğulamışlar.
Mərasimdə TÜSİAB-ın idarə heyətinin sədri Bataçar Baysel və “Azərsun Holdinq” Şirkətlər Qrupunun baş direktoru Əhməd Yeman ümummilli liderimiz Heydər Əliyev tərəfindən Türkiyə iş adamları üçün ölkəmizdə yaradılmış əlverişli şəraiti xüsusi qeyd etmiş, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda Osman Nuri Aras kitabın işıq üzü görməsində xidməti olanlara, tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkür etmişdir.
Mərasim “Muğam” rəqs qrupunun çıxışı ilə bitmişdir.