Azərbaycan Konqreslər Bürosu hədəflərini açıqladı
AZƏRTAC xəbər verir ki, mərasimi açan AKB-nin icraçı direktoru Florian Senqşmid iştirakçılara rəhbərlik etdiyi qurumun işi, məqsəd və hədəfləri, gələcək planları barədə geniş məlumat verib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanda turizmin inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən söz açıb. Bildirib ki, ölkəmiz beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. AKB bizim üçün ilk təcrübədir. Çünki ilk dəfə turizm sahəsində “public-private-partnership” anlayışı üzərində qurulan bir işdir. Büronun xərclərinin yarısını dövlət verir. Fəaliyyətə başladığı bir il müddətində AKB iki beynəlxalq sərgidə iştirak edərək, Azərbaycana 5 başqa, heç bir dövlətin aidiyyəti olmayan tədbirlərin keçirilməsinə dair müsabiqəni udub.
AKB-nin fəaliyyətinə böyük önəm verildiyini deyən nazir bildirib ki, təkcə Bakının deyil, regionların da turizm imkanlarından istifadə etmək lazımdır və bu istiqamətdə müvafiq işlər davamlı olacaq.
Nazir Azərbaycan dövləti tərəfindən turizmin inkişafına, eləcə də AKB-nin fəaliyyətinə hər zaman dəstək göstəriləcəyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılmış büronun fəaliyyətinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması və digər bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MICE bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.
Vurğulanıb ki, hazırda büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla sıx əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı MICE bazarı iştirakçıları ilə əməkdaşlıq naminə beynəlxalq konqres və seminarlarda iştirak edir. Büronun üzvləri sırasında ölkənin biznes turizmində aparıcı mövqe tutan 14 şirkət var.
Tədbirdə AKB tərəfindən marketinq planı və alətləri olan görüş təşkilatçıları üçün bələdçi və www.azcb.com təqdim edilib.
AKB-nin üzvü olan “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Arif Məmmədov təmsil etdiyi quruma dair təqdimat edib.
Almaniyanın “KORESE Convention & Event Service” şirkətinin sahibi Frenk Aşentrup müştəri nöqteyi-nəzərindən MİCE biznes turizminin əhəmiyyəti haqqında məlumat verib.
“JW Mariott Absheron Hotel”in baş meneceri Martin Kleynman sözügedən mehmanxananın təqdimatını edib.
Daha sonra AKB-nin üzvlük modellərinin təqdimatı keçirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.