CƏMİYYƏT
“Azərbaycan Könüllülük Həftəsi 2023” üç mindən çox könüllünü birləşdirəcək
![](/files/galleryphoto/2023/3/1200x630/17017766133185347677_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017766135840830833_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017766135817664334_1200x630.jpg)
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023”ə start verilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl 15 şəhər və rayonda könüllülər tərəfindən şəhid və qazi ailələrinin ziyarəti keçirilib, eyni zamanda region ərazilərində Şəhidlər xiyabanına yürüş edilib, təmizlik aksiyaları təşkil olunub.
Konfransda Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Niftəliyeva, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Əsli İbrahimli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev çıxış edərək “Könüllülük Həftəsi 2023”ün hər il olduğu kimi bu il də özünəməxsus fərqliliyi ilə seçiləcəyini və respublikamızın şəhər və rayonlarını əhatə edərək 3 mindən çox könüllünü birləşdirəcəyini bildiriblər.
Diqqətə çatdırılıb ki, hazırda ölkəmizdə könüllülük hərəkatının gündəlik həyat normasına çevrilməsi və könüllülüyün inkişafına təkan vermək üçün atılan addımlar, Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin müasir təzahürüdür.
Qeyd olunub ki, dekabrın 5-dən 19-dək əhatə edəcək Könüllülük Həftəsi çərçivəsində keçirilən layihə və tədbirlərin beş istiqamət üzrə davam etməsi nəzərdə tutulub. “Vətənpərvərlik”, “Təhsil və Elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi tərbiyə” istiqamətləri daxilində həyata keçiriləcək tədbirlərin hər biri Ümummilli Lider Heydər Əliyevin gənclərə ünvanladığı tövsiyələrə əsaslanıb.
Qeyd edilən istiqamətlərin içində yer alan “100 Könüllü Əməl”, “Ulu Öndər hər addımımda” fotomüsabiqə, “MədəniyyətimİZ”, “Heydər Əliyev mənim üçün...”, “Könüllünün Günü”, “Könüllü Ol” layihələri bütün “Könüllülük Həftəsi” ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Mətbuat konfransından dərhal sonra Azərbaycan Könüllüləri, rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını ziyarət edərək, müharibə iştirakçısı olmuş könüllülərlə görüş keçiriblər.
2018-ci ildən etibarən ənənəvi olaraq Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilməkdədir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülülüyün gənclərin arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.