İDMAN
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti yığma komandanın üzləri ilə görüşüb
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov üzgüçülük üzrə milli paralimpiya komandasının üzvləri ilə görüşüb.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə millimizin baş məşqçisi, şəxsi məşqçilər və idmançılar iştirak ediblər.
Yığmanın baş məşqçisi Alaverdi Culfayev və şəxsi məşqçilər hər bir idmançının fiziki, texniki və psixoloji durumu haqqında, eyni zamanda, milli komandanın “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Komitənin prezidenti İlqar Rəhimov millidə yeni idmançıların, əsasən də Uşaq Paralimpiya Komitəsindən idmançıların seçilərək yığmaya cəlb olunmasını yüksək qiymətləndirib. O, Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar AMPK-nın mütəxəssislərinə və məşqçilərinə müvafiq tapşırıqlar verib.
Görüşdə gənc idmançıların valideynləri də iştirak ediblər. Onlar uşaqlarının idman vasitəsilə cəmiyyətə inteqrasiya olunmaları və böyük idmana qoşulmaları ilə qürur duyduqlarını bildiriblər.
İ.Rəhimov valideynlərə Komitə ilə sıx əlaqə qurmalarının vacib olduğunu bildirərək, AMPK mütəxəssislərinin onlara müvafiq kömək göstərəcəyini qeyd edib.