Azərbaycan millisinin baş məşqçisi: Bu dəfə daha yaxşı oynamalıyıq
Bakı, 13 dekabr, AZƏRTAC
“Komanda dekabrın 11-dən təlim-məşq toplanışına başlayıb. İki oyunçumuz dünən gəlib və onlarla birlikdə hazırlıqlara davam edirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov dünya çempionatının elit mərhələsində Rumıniya və Niderlandla keçiriləcək oyunlardan əvvəl jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, Rumıniya ilə oyunda yaxşı nəticə əldə etmək üçün maksimum çalışacaqlar: “Rəqiblərin oyunlarını analiz edirik. İstəyirik ki, həm Rumıniya, həm də Niderlandla matçlarda Azərbaycan çempionatında çıxış edən futzalçıları meydana buraxaq. Yığmaya çox az sayda legioner dəvət etmişik. Rumıniya ilə səfər görüşündə 1:3 hesabı ilə məğlub olmuşduq. Amma uduzmamalı idik. Əlimizə düşən fürsətlərdən istifadə edə bilməmişdik. İki oyundan maksimum nəticə ilə ayrılsaq belə, hər şey bizdən asılı olmayacaq. Bu dəfə daha yaxşı oynamalıyıq. Çünki evdə çıxış edirik. Komandaya 3-4 nəfər cavan oyunçu cəlb etmişik. Onlar bu matçlarda öz güclərini ən yaxşı şəkildə göstərməlidirlər”.
Onun sözlərinə görə, Rumıniya millisinin aktivindən 4 xalın silinməsi rəqibdə ruh düşkünlüyünün yaranmasına səbəb ola bilər: “Buna görə üstünlüyün bizdə olduğunu düşünürəm. Çünki rumınlar ikinci sıradan üçüncü pilləyə gerilədilər”.
Qeyd edək ki, Azərbaycan yığması dekabrın 15-də Bakıda Rumıniya seçməsini qəbul edəcək, beş gün sonra isə Niderlandın qonağı olacaq.