İDMAN
Azərbaycan millisinin futzalçısı: Hər xal uğrunda gərgin mübarizə gedəcək
![Azərbaycan millisinin futzalçısı: Hər xal uğrunda gərgin mübarizə gedəcək](/files/2023/3/1200x630/17023023182437948512_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
“Qarşıda millini maraqlı və ağır oyunlar gözləyir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Fərid Atakişiyev dünya çempionatının elit-raund mərhələsində Rumıniya və Niderland yığmalarına qarşı keçirəcəkləri matçlar barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Uzun müddətdir millidən kənarda qalan müdafiəçi bildirib ki, hazırlıq prosesi maraqlı keçir: “Yenidən yığmanın toplanışına dəvət aldım. Burada olmaq fəxrdir. Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçi Vitali Borisova təşəkkür edirəm”.
Təcrübəli futzalçı komandaya bacardığı qədər kömək edəcəyini vurğulayıb: “Növbəti mərhələyə yüksəlmək üçün şansımız var, amma hər xal uğrunda gərgin mübarizə gedəcək. Rumıniya və Niderland milliləri yüksəlişdədir. Çalışacağıq ki, doğma meydan amilindən istifadə edək. Daha sonra səfərdə Niderlandla keçirəcəyimiz görüş haqqında fikirləşmək olar”.
Qeyd edək ki, Azərbaycan yığması dekabrın 15-də Bakıda Rumıniya seçməsini qəbul edəcək, beş gün sonra isə Niderlandın qonağı olacaq.