AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MARNEULİDƏ SOYDAŞLARIMIZLA GÖRÜŞMÜŞDÜR
Azərbaycanın Gürcüstandakı müvəqqəti işlər vəkili Surxay Əliyev çıxışında Prezident İlham Əliyevin soydaşlarımızı narahat edən məsələlərlə daim maraqlandığını vurğulamış, bugünkü görüşü Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşların, o cümlədən də bu ölkədə yaşayan azərbaycanlıların taleyinə diqqət və qayğısının əyani təzahürü kimi qiymətləndirmişdir.
Ziyafət Əsgərov dövlətimizin başçısı İlham Əliyevin xoş arzularını borçalılılara çatdırmaqdan məmnunluq duyduğunu bildirmişdir. O, xaricdəki azərbaycanlıların qayğıları ilə daim maraqlanmış, onların hər bir problemini nəzərdə saxlamış ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söhbət açmış, Azərbaycan hökumətinin xaricdə yaşayan soydaşlarımızın durumuna diqqət yetirdiyini, bununla əlaqədar xüsusi proqram hazırlandığını demişdir.
Z.Əsgərov Gürcüstana fevralın 6-dan başlanan səfərində ölkə rəsmiləri ilə görüşlərin əksəriyyətində soydaşlarımızın qarşılaşdıqları problemlərin müzakirə mövzusuna çevrildiyini və onların aradan qaldırılması üçün birgə yollar axtarıldığını, Gürcüstan-Azərbaycan münasibətlərinin getdikcə daha da dərinləşdiyini bildirmişdir.
Milli Məclis sədrinin birinci müavini Marneuli və Bolnisi rayon mərkəzlərinə Azərbaycanın hədiyyəsi olan iki təcili tibbi yardım maşınının açarlarını Gürcüstan əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Levan Cuğeliyə təqdim etmişdir.
Görüşdə borçalılılar göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərdən danışmışlar.