AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Jurnalistlər qarşısında çıxış edən deputatlar Gültəkin Hacıyeva, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Sabir Hacıyev və Fəzail İbrahimli bildirmişlər ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilər nəzarətdən kənarda qalmışdır və son vaxtlar erməni tərəfi növbəti vəhşilik tədbirinə əl ataraq, həmin ərazilərdə yanğınlar törətmişdir. Ermənistanın işğalçı qüvvələri təkcə meşə və çöllərə deyil, həm də şəhər və kəndlərdə kimsəsiz qalmış evlərə od vurmuşlar. Ermənilər bu vəziyyəti müxtəlif formada izah etmiş, gah bu faktı araşdıracaqlarını, gah da bunun təbii hal olduğunu, yaxud da belə bir faktın olmadığını bildirmişlər.
Mətbuat konfransında iştirak edən erməni jurnalist deyilənləri şübhə altına almağa, azərbaycanlı deputatların bəyanatlarında hansısa ziddiyyət tapmağa cəhd etsə də, aldığı tutarlı cavablar onu susmağa məcbur etmişdir.
Deputatlarımız işğal altındakı ərazilərimizin azad edilməsi, ATƏT-in Minsk qrupunun fəaliyyəti, ölkəmizdə gedən demokratik proseslər, söz və mətbuat azadlığı, müxalifətin fəaliyyəti və digər məsələlərlə bağlı suallara cavab vermişlər.
Mətbuat konfransında işğal olunmuş ərazilərdə ermənilər tərəfindən törədilmiş yanğınlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı oxunmuş, jurnalistlərə yanğınlar olan ərazilərdə çəkilmiş videkasetlər və kosmosdan çəkilmiş şəkillər təqdim edilmişdir.