Azərbaycan nümayəndə heyəti Moskvada “Qızıl kəmər” mükafatının təqdim olunması mərasimində iştirak edib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Rusiya Döyüş Sənətləri İttifaqının dəvəti ilə Moskvada ənənəvi “Qızıl kəmər” mükafatının təntənəli təqdim olunması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, Kremlin Sarayında keçirilən tədbirdə ötən mövsümdə bir sıra nominasiyalarda fərqlənən idmançılar, məşqçilər və digər idman mütəxəssisləri təltif olunublar.
Tədbirdə, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik məktubu oxunub.
Y.Bəşirov tədbir ərəfəsində Rusiyanın döyüş sənətləri sahəsində fərqlənən bir neçə tanınmış veteranına, o cümlədən Rusiya Döyüş Sənətləri İttifaqının idarə heyətinin üzvü Aleksey Şturminə, təşkilatın icraçı direktoru Ramin Qadasova, ilk SSRİ çempionları Aleksandr İnşakova və SSRİ seçmə komandasının ilk kapitanı Viktor Xana Azərbaycan Milli Karate Federasiyasının 25 illik yubiley medalını və diplomlarını təqdim edib.