DÜNYA
Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək
Ankara, 14 sentyabr, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Milli Birlik Partiyasının (UBP) lideri Ünal Üstel partiyanın sentyabrın 21-də keçirilməsi planlaşdırılan qurultayında Azərbaycandan nümayəndə heyətinin iştirak edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Geçmenköy rayonunda keçirilən tədbir zamanı qurultaya Bakıdan da qonaqların gələcəyini deyib. O deyib: “Lefkoşada keçiriləcək qurultayda Türkiyənin aparıcı siyasi partiyalarının nümayəndələri ilə yanaşı, Azərbaycandan da qonaqların iştirakını gözləyirik”.
Kipr Türk Milli Birlik Partiyası 1975-ci il oktyabrın 11-də ŞKTC-nin ilk Prezidenti Rauf Denktaş tərəfindən yaradılıb.
Son parlament seçkilərinin nəticələrinə görə, UBP Şimali Kipr parlamentindəki 50 mandatdan 24-nü alıb.
Milli Birlik Partiyası hazırda ŞKTC-nin 26-cı koalisiya hökumətinin aparıcı siyasi qüvvəsidir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara