CƏMİYYƏT
“Azərbaycan Ordusu” qəzetinin yaranmasının 30 illiyinə həsr olunan tədbir keçirilib VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbu orqanı “Azərbaycan Ordusu” qəzetinin 30 illiyinə həsr edilən tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qəzetin yaranma ideyası və tarixi, fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi haqqında ətraflı məlumat verib, mətbu orqanının yaranma günü münasibətilə bütün əməkdaşları təbrik ediblər.
Bildirilib ki, 30 illiyi qeyd olunan Azərbaycanın mətbuat məkanında hər zaman özünə layiqli yer tutan “Azərbaycan Ordusu” qəzeti, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi “Xalq Ordusu” adı ilə 1992-ci il fevralın 11-də çap olunmağa başlayıb. Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında, müharibə reallıqlarının operativ qaydada ictimaiyyətə çatdırılmasında qəzetin rolu barədə ətraflı məlumat verilib.
Məlumat verilib ki, “Azərbaycan Ordusu” qəzeti yarandığı gündən cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi “Azərbaycan Ordusu” qəzetinin də tarixində mühüm mərhələ olub. Qəzetin əməkdaşları döyüşlərin getdiyi bütün istiqamətlərdə gündəlik səyyar qəzetlərin - “Sən qalib gələcəksən”, “Qalibiyyət döyüşü” və “Qələbə uğrunda” adları altında hazırlanmasına və çap olunmasına cəlb ediliblər.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra “Azərbaycan Ordusu” qəzetinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalına və müdafiə nazirinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görüldüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda redaksiyanın xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən əməkdaşları təltif olunublar.