Azərbaycan Pakistanda daşqınlardan zərər çəkən insanlara yardım edib
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Cənubi Pəncabda və Kəşmirdə daşqınlardan zərər çəkən insanlara yardım edilməsi ilə əlaqədar humanitar aksiya keçirilib.
Bununla əlaqədar təşkil edilən tədbirdə məlumat verilib ki, AIDA-nın humanitar yardımı Cənubi Pəncabın Multan, Muzaffargarh, Leyyah, Chinniot, Naroval, Sargodha, Mandi Baha-ud-Din, Sialkot, Kəşmirin isə Müzəffərabad şəhərlərini və Bağ bölgəsini əhatə edir. Ərzaq məhsullarından ibarət olan yardımlar Federal Hökumət nəzdində fəaliyyət göstərən Beyt-ul-Mal təşkilatı vasitəsilə təbii fəlakətdən zərər çəkən 25 min insana paylanacaq.
Beyt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx yardıma görə Azərbaycan hökumətinə və AIDA-ya minnətdarlığını bildirib. O deyib ki, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti Beyt-ul-Mal təşkilatı ilə əməkdaşlıq edir və qurumun nəzdində fəaliyyət göstərən kimsəsizlər evlərinə yardımlar olunur.
Tədbirdə Azərbaycan ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, eləcə də AIDA-nın fəaliyyəti haqqında danışılıb. Bildirilib ki, agentlik Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində müxtəlif layihələr həyata keçirir, humanitar yardımlar edir.
Pakistanın parlament işləri üzrə naziri Şeyx Aftab Əhməd Azərbaycanın humanitar yardımlarını iki qardaş ölkə arasındakı dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib. O, ağır maddi və mənəvi durumda olan insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına və ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Nazir iqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycanın artıq donor ölkəyə çevrildiyini vurğulayıb.
Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşı İlham Məmmədov tədbirdən sonra aparıcı televiziya kanallarına müsahibə verərək ölkələrimiz arasındakı əlaqələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatlar, Heydər Əliyev Fondunun və AIDA-nın həyata keçirdiyi humanitar layihələr haqqında danışıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad